Xeyirsevər insanlardan toplanan ianələr hesabına həyata keçirdiyimiz və ehtiyaclı insanların ərzaq tələbatlarını ödəməyə xidmət edən “Dayaq ərzaq” layihəsi “Dayaq Xeyriyyə”-in ilk layihələrindəndir.
2007-ci ildən həyata keçirilən bu layihə ilə fasiləsiz olaraq hər ay 100-dən çox ailəyə ərzaq yardımları ilə dəstək olmuşuq. Belə ki, “Dayaq Xeyriyyə” -ə müraciət etdikdən sonra araşdırılaraq himayəyə götürülən ehtiyaclı insanların ünvanlarına hər ayın sonu könüllülərimiz tərəfindən yardım səbətləri çatdırılır. Bundan başqa, ay ərzində bizə xeyriyyəçilərin birbaşa ərzaq şəklində təqdim etdiyi ianələrini də ehtiyaclılara paylayırıq.
Logistika prosesindəki insan və maddi resurslara qənaət, həmçinin, tərəfimizdən təqdim edilən standart paketlərdən fərqli olaraq ailələrin fərdi ərzaq seçimlərini (xəstəlik və ya zövqü ilə əlaqədar ərzaq seçimlərini) təmin etmək məqsədi ilə layihənin növbəti mərhələsi kimi aylıq ərzaq yardımını şəbəkələşmiş marketlərin plastik kartları və ya daha təkmil vasitələrlə həyata keçirməyi planlaşdırırıq.