“Dayaq Xeyriyyə” –in əsas prinsipi quruma verilən ianələrin və həvalə edilən xeyriyyə işlərinin real ehtiyac sahiblərinə çatdırılmağının təmin edilməsidir. Bundan ötrü qurumumuz maliyyə və insan resurslarından və könüllülərimizin təmənnasız xidmətlərindən sistematik istifadə edə bilmək üçün müxtəlif funksional komandalar formatında fəaliyyət göstərir. Qəbul şöbəmiz, araşdırma qrupumuz, mühasibatlıq şöbəmiz, media qrupumuz və müxtəlif sahələrdə xeyriyyə fəaliyyətimizi həyata keçirən layihələr fəaliyyətimizin strukturunu təşkil edir.
Qurumumuza yardım üçün edilən hər bir müraciətə tamamilə fərdi qaydada yanaşılır. Müraciətlər ilkin şifahi sorğudan sonra araşdırma qrupuna yönləndirilir. Ailə başçısını itirmiş, əmək qabiliyyəti olmayan və ya hər hansı digər səbəblə gəlirləri və xərcləri fonunda araşdırma qrupu tərəfindən ehtiyaclı kimi qiymətləndirilən ailələr və ya şəxslər “Dayaq Xeyriyyə”-in himayəsinə götürülür. Bununla yanaşı qurumumuz “Stomatoloji dayaq” layihəmiz çərçivəsində şəhidlərimizin bizə əmanəti olan ailə üzvlərinə və əlillik dərəcəsi olan qazilərə təmənnasız olaraq xidmət göstərməkdədir.
Qurumumuz himayəsində olan ailələrin müxtəlif problemlərini həll etmək və müxtəlif sahələrdəki ehtiyaclarını qarşılamaq üçün ayrı-ayrı layihələrlə fəaliyyət göstərməkdədir. Ailələrin ehtiyaclarına fərdi yanaşmaqla onların ərzaq, tibbi, təhsil, kommunal və təmir ehtiyaclarının qarşılanması üçün onlara yardımların çatdırılmağını təmin edirik. Sadaladığımız yardımları verilən ianələr və bizə qoşulan könüllülərin təmənnasız mal və xidmətləri ilə həyata keçiririk.
Araşdırma qrupunun səmərəli fəaliyyəti nəticəsində ianələr yalnız real ehtiyac sahiblərinə çatdırılır. Müraciət edənlər yalnız araşdırmanın nəticəsindən asılı olaraq himayəyə götürülür. Yardım üçün edilən müraciətlər (sosial şəbəkə, telefon zəngləri, veb-sayt, yönləndirilmə və digər vasitələrlə) araşdırma qrupuna yönləndirilir. Araşdırma qrupunun üzvləri qeyd edilən ünvanlara getməklə xüsusi anket vasitəsilə müraciət edənin ailə vəziyyətini, sağlamlıq və yaşayış durumunu, aylıq gəlir və xərclərini – ehtiyaclılıq səviyyəsini müəyyən edərək müzakirəyə çıxarır. Qərar vermək üçün kifayət qədər məlumat olmadığı təqdirdə və ya şübhəli hallarda müraciət edənin yenidən araşdırılmağı tələb olunur. Araşdırma qrupunun təcrübəli üzvləri və bütövlükdə jüri gətirilən arqumentlərə, sənədlərə və məlumatlara əsasən müzakirələr aparır. Müzakirələrin nəticəsi kimi ehtiyaclılar səs çoxluğuna əsasən himayəyə götürülürlər. Himayəmizdə olan ailələr 3 aydan bir yenidən araşdırılır. İlkin araşdırıldığı dövrlə nisbətdə yaşayış səviyyəsi yaxşılaşmış, gəlirləri artan və (ya) xərcləri azalan ehtiyaclıların himayəmizdə qalması ilə bağlı qərar verilir. Beləliklə, ianələrin həqiqi ehtiyaclılara çatdırılmağının davamlılığını bu fəaliyyətimizlə təmin edirik.